This site uses cookies to provide you with a more responsive and personalised service. By using this site you agree to our use of cookies. Please read our PRIVACY POLICY for more information on the cookies we use and how to delete or block them.
  • Dünyada Koronavirusa qarşı iqtisadi tədbirlərin icmalı
Article:

Dünyada Koronavirusa qarşı iqtisadi tədbirlərin icmalı

17 March 2020

Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını pandemiya kimi dünyaya elan etdi. Çin, Çexiya, Honkonq, İtaliya, Slovakiya və ABŞ daxil olmaqla, bir çox ölkələr, səyahətlə bağlı məhdudiyyətlər və ictimai distansiya saxlama tədbirləri tətbiq etmişdir. 

Hazırda iqtisadi fəallığın aşağı düşməsi, eyni zamanda bir çox xidmət sahələrində, o cümlədən turizm, logistika, təhsil sahələrində məhdudiyyətlərin tətbiq olunması nəticəsində dünya iqtisadiyyatında ləngimə ilə bağlı proqnozlar verilir. Pandemiya ilə üzləşən biznes menecerləri, riskləri və onların biznes əməliyyatlarına təsirini azaltmaq məqsədi ilə qabaqlayıcı tədbirlər həyata keçirirlər və bunun üçün xüsusi fəaliyyət planları hazırlayırlar. Eyni zamanda onlar, müştərilərinin də ehtiyaclarını qarşılamağa çalışırlar.

Ölkələr, biznesləri bu çətin vəziyyətdən çıxarmaq üçün öz daxili şəraitlərinə uyğun olaraq müxtəlif hüquqi tədbirlər görürlər. Bu məqsədlə:

Çində işəgötürənlər biznesin böyüklüyü və harada yerləşməsindən asılı olaraq 6 aya qədər müddət ərzində 50-100% miqdarında sosial sığorta ödənişlərindən azad edilib. Bununla yanaşı, ağır sənayelərdə əvvəlki illər üzrə zərərin növbəti illərə ötürülməsi müddətləri 5 ildən 8 ilə qaldırılmış və COVID-19 virusunun aktual olduğu dövr ərzində ƏDV-dən azadolma nəzərdə tutulmuşdur.

Avstriyada əvvəlcədən vergi ödənişləri azaldılmış, bəzi vergi bəyannamələrinin verilməsi üçün müddətlər uzadılmış və vergilərin hissə-hissə ödənilməsi imkanı yaradılmışdır.

Xorvatiyada mənfəət vergisinin və sosial təminat xərclərinin ödənilməsi üçün müddətlər təxirə salınmışdır. Ölkədə ərzaq və gigiyena məhsullarının qiymətlərinin qaldırılmasına məhdudiyyət qoyulmuşdur. Bununla yanaşı, maliyyə çətinliyi olan şirkətlər üçün xüsusi kreditlər və ödəmələrdə təxirəsalma imkanları yaradılmışdır.

Kiprdə isə məktəblər bağlandığı üçün 15 yaşından kiçik məktəbli uşağı olan valideynlərə xüsusi icazələr və buna müvafiq olaraq məzuniyyət ödənişi sistemi təsis edilib. Burada sağlamlıq vəziyyəti yaxşı olmayanlara və yaşlılara əlavə xəstəlik maaşı nəzərdə tutulub. Restoranlar, idman zalları kimi bəzi bizneslərin fəaliyyətinə məhdudiyyət qoyulub və hazırda işçiləri işsizlik ödənişi ilə təmin olunur. Kiçik və orta bizneslərə dəstək məqsədilə isə işçilərin işdə saxlanılması şərtilə onların maaşının yetmiş faizi məbləğində subvensiya nəzərdə tutulub və bəzi bizneslər, ƏDV-dən müvəqqəti olaraq azad edilib.

Yunanıstanda da yenə bəzi iş yerlərinin fəaliyyətinə məhdudiyyət qoyulmuş və valideynlərə xüsusi icazələr verilmişdir. ƏDV, sosial sığorta ödənişlərinin və borcların qaytarılmasının təxirə salınması nəzərdə tutulmuşdur. Digər ölkələrlə gediş-gəliş məhdudlaşdırılmışdır.

Venezuelada bəzi regionlarda vətəndaşların evlərini tərk etmələri dövlət tərəfindən məhdudlaşdırılmış və Vergi Administrasiyasından vergi bəyannamələrinin verilməsi üçün müddətin uzadılması tələb olunmuşdur.

Kosta RikaMacarıstanda pandemiya ilə bağlı tədbirlər hələ planlaşdırma mərhələsində olsa da, Yamaykada artıq bəzi vergi bəyannamələrinin verilməsi müddəti uzadılmışdır.

İtaliyada bu məsələ ilə bağlı bir çox tədbirlər görülsə də, bizneslərin yükünün azaldılması məqsədilə vergi sahəsi üçün ayrıca fərman hələ qəbul edilməmişdir.

Tailandda mənfəət vergisi bəyannamələrinin verilməsi üçün müddət uzadılmış və gəlir mənbəyindən tutulan vergilər müəyyən dövrlər üçün azaldılmışdır. Burada məhdud dairə daxilində bəzi bizneslər və KOB-ların dövlət qarşısındakı öhdəlikləri xüsusi olaraq azaldılmışdır.

Danimarka Polşada isə pandemiyanın təsirləri ilə mübarizə məsələsini ələ almaq üçün ayrıca qanunvericilik layihələri nəzərdə tutulmuşdur. Bu qanunlarla xüsusilə KOB-lar üçün bəzi ödənclərin, o cümlədən vergi ödənişlərinin müddətləri uzadılmış və şirkətlərin likvidliyinin qorunması nəzərdə tutulmuşdur.

Bu ümumi tədbirlərlə yanaşı yaranan vəziyyətlə mübarizə aparmaq üçün Koreya əlavə büdcə elan etmiş, İsrail iqtisadiyyatını xilas etmək üçün 2.81 milyard ABŞ dolları ayırmış və Serbiya faiz dərəcəsini endirmişdir. Rusiyada isə hazırkı şəraitdə iqtisadiyyata necə dəstək olmaqla bağlı yalnız ilkin müzakirələr gedir və alınan tədbirlər əsasən kredit öhdəlikləri ilə bağlıdır. 

Azərbaycanda isə tətbiq edilən tədbirlərdən biri Nazirlər Kabinetinin Sərəncamına əsasən 2020-ci ilin mart ayının 10-dan 27-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılması və bununla bağlı bütün ictimai tədbirlərin təxirə salınması olmuşdur. Rusiya xaric olmaqla, Azərbaycanla qonşu ölkələr arasında bütün sərhədlər bağlanmışdır. Bundan əlavə 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq olunur. Qeyd edilən tədbirlər siyahısına sahibkarlıq sahəsinə aid olan preventiv tədbirlər daxil deyil. Hazırda isə, Milli Məclisdə COVID-19 virusu səbəbindən iqtisadi zərərə məruz qalan  sahibkarlar üçün imtiyazların tətbiq edilməsi barədə təkliflərə baxılır.